“Dənizçilər”in 2022/23-cü illər mövsümünün ilk oyunu haqqında fikirləri

“Səbail” PFK-nın futbolçuları 2022/23-cü illər mövsümü çərçivəsində keçiriləcək “Qarabağ”-“Səbail” oyunu ilə bağlı fikirlərini bildiriblər:

Rahid Əmirquliyev: “Yüksək səviyyədə hazırlıq prosesi keçirmişik. Komandamızda müsbətə doğru dəyişən çox məqam var. Cari mövsümə tam hazır olduğumuzu düşünürəm. İlk oyunumuzu isə çempionatımızın daim favoritlərindən olan “Qarabağ”a qarşı keçirəcəyik. Görüşün rəqib stadionunda olmasına baxmayaraq, matçdan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Ağabala Ramazanov: “Çempionatın ilk turunda rəqibimiz ölkənin ən köklü klublarından olan “Qarabağ”dır. Hər zaman favorit olan komandaya qarşı mübarizə aparacağıq. İlk oyunda rəqibin “Qarabağ” olmasına baxmayaraq, bizim də öz hədəflərimiz var. Ağdam təmsilçisi ilə mövsümün əvvəlində və ya sonunda qarşılaşmağımızın heç bir fərqi yoxdur. Ümumiyyətlə rəqibin kimliyindən asılı olmayaraq, yeni mövsümə yaxşı hazırlaşmışıq. Layiqli mübarizə aparmağa çalışacağıq. İlk matçdan xalla ayrılaraq azarkeşlərimizi sevindirmək istəyirik!”

Emil Balayev: ”Yeni mövsümün ilk matçını səfərdə 9 qat Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyik. Bu amil bizim üçün böyük məsuliyyətdir. Komandanın hər bir üzvü bunu dərk edir. Düşünürəm ki, kifayət qədər uğurlu təlim-məşq toplanışı keçirmişik. “Qarabağ”la oyuna da ciddi hazırlaşırıq. Layiqli mübarizə aparacağımıza əminəm. Yaxşı nəticə əldə etmək üçün hər birimiz var gücümüzlə çalışırıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.