Aftandil Hacıyev: “Sonuncu pillədən qurtulmağa çalışacağıq”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXI turu çərçivəsində baş tutan “Qarabağ”-“Səbail” (5:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Bu gün bizi çətin oyun gözlədiyini bilirdik. Oyun rəqibin üstünlüyü şəraitində keçdi. Bu gün əsasən səhvsiz oynamaq istəyirdik. Rəqib cari mövsüm yeganə məğlubiyyətləri bizdən alıb. Amma həmin dövrlə indiki arasında fərq var. Həm rəqib tamamilə çempionata köklənib, həm də bizdə zədəlilər çoxdur. “Qarabağ” hazırda ən yaxşı formada olan komandadır. Erkən buraxılan qol futbolçuları həvəsdən saldı. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı.

“Qarabağ” bundan əvvəlki görüşlərdə də bu cür qələbələr əldə edib. Amma bunlar bəhanə deyil. Hazırda bizi düşündürən komandanın növbəti mövsümə daha yaxşı hazırlaşmasıdır. Bu barədə düşünməliyik. Hər oyun heyətimizdə kifayət qədər dəyişikliklər olur. Meydanda bütün oyunçuları görmək istəyirik. Pozitiv nə isə demək çətindir. Məğlubiyyət bizi üzür. Qarşıda daha bir dövrə var. Turnir cədvəlində bizə yaxın rəqib “Sumqayıt”dır. Rəqabətdən geri qalmamağa çalışacağıq. Ən azı sonuncu pillədən qurtulmağa çalışacağıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.