Aftandil Hacıyev: “Oyunumuz bizi qane etsə də, mövqeyimiz qane etmir.”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXIII turu çərçivəsində baş tutan “Zirə”-““Səbail” (2:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Çox maraqlı oyuna şahidlik etdik. Hər iki komandanın iştirakı ilə çoxlu hücumlar oldu. Qapılar qarşısında kifayət qədər qol epizodları oldu. Oyunun son dəqiqələrində daha çox həyəcan yaşadıq. İlk hissənin 15 dəqiqəsində oyuna köklənə bilmədik. Lakin sonradan oyunumuzu tapdıq. Elmir Tağıyevin qapıçı ilə təkbətək qaldığı iki epizod yarandı.  Onlar qol olsa idi, oyunun məcrası dəyişərdi. Rəqibin fərdi ustalığı yüksək olan Hamidu Keyta kimi oyunçusu yaxşı epizodlara girib, qollar vurdu. İkinci hissədə üstün oynadıq. Amma rəqibin də sürətli futbolçuları var. Qolumuz çox gec gəldi. 70-ci dəqiqələrdə olsaydı, oyunun taleyi dəyişə bilərdi, xal qazanmağımız mümkün olardı.

Bu gün futbolçularımdan razı qaldım. Topla daha səliqəli oynamalıydıq. Gənc oyunçularımızda ustalıq çatışmır. Rəqiblə bu fərq sezilirdi. Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətsizdir. Çempionatın sonuna 5 tur qalır. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Oyunumuz bizi qane etsə də, mövqeyimiz bizi qane etmir. Amma nəticə də istəyirik. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.