Aftandil Hacıyev: “Bu gün bir-birindən gözəl qollar vurduq”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXII turu çərçivəsində baş tutan “Səbail”-“Qəbələ” (3:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Bu gün hər iki komandanın azarkeşləri oyunu gözəlləşdirdi. Çoxdandır qələbə qazanmaq istəyirdik. Futbolçularım meydanda rəqibdən hərtərəfli üstün oldular. Kifayət qədər qol epizodları yaratdıq. Hər iki hissədə rəqibi topsuz qoyduq. Sevindirici haldır ki, düşündüyümüz oyun alındı. Qol buraxmadan qələbə qazanmaq istəyirdik. Bunu bacardığımız üçün ikiqat sevincliyik.

“Qəbələ”nin bu yerlərə elə-belə gəlib çıxmayıb. Bu gün qalib gəlsək də, rəqibin təzyiqi daim hiss olunurdu. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları ilə qapımız qarşısında qol epizodları yaradırdılar. Amma həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Bir-birindən gözəl qollar vurduq. Belə oyunlar üçün hər komandada rəqabətin olması önəmlidir. Sabit heyətlə çıxa bilmədiyimiz matçlarda xallar itirdik. Amma hər oyunda futbolçularımızın istədiyimiz şeyləri etməyə çalışdıqlarını görürdük. Sadəcə, bunu nəticəyə çevirmək çətin olurdu. Bu gün onu da bacardılar. Futbolçularıma təşəkkür edir, “Qəbələ”yə uğurlar arzulayıram. Qısa zamanda bərpa olunub, növbəti oyuna hazırlaşmalıyıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.