Yurgen Qoxa: “ Qış fasiləsindən öncəki son oyunda qələbə qazanmaq istəyirik”

“Səbail” PFK-nın müdafiəçisi Yurgen Qoxa Premyer Liqanın XIV turunda “Sabah”la qarşılaşacaqları oyundan öncə klubun rəsmi saytına müsahibə verib.

1. Azərbaycan Premyer Liqasının 2021/22-ci illər mövsümünün I turunda səfərdə “Sabah” komandası ilə qarşılaşmışdınız. Bu oyunda həm ilk dəfə debüt etmişdin, həm də oyundakı yeganə qələbə qolunu sən vurmuşdun. Sabah “Sabah”la qarşılaşacağınız oyundan gözləntiləriniz nələrdir?

Komanda olaraq, bu oyuna yaxşı hazırlaşmışıq və qış fasiləsindən öncəki son oyunda qələbə qazanmaq istəyirik. “Sabah” mübariz komandadır. Biz də əlimizdən gələni edib, əzmkarlıq göstərərək mübarizə aparacağıq.

2. Mövsümün ilk hissəsini necə dəyərləndirirsən?

Mövsümə yaxşı başlamışdıq. Müəyyən səbəblərdən xüsusən də zədə və ya cəza amilindən hər oyun hansımzsa komandaya dəstək ola bilmirdik. Bu hal həm bizi üzür, həm də komandaya təsirsiz ötüşmürdü. Sonuncu dəfə “Sumqayıt”la oyunda Rayselin 4 oyunluq cəza almasını da nümunə kimi göstərə bilərəm. Buna baxmayaraq, qış fasiləsində var gücümüzlə çalışıb mövsümün ikinci hissəsində uğurlarımızın sayını artırmaq üçün çalışacağıq.

3. Qış fasiləsi üçün planların nələrdir?

Ailəm burada mənimlə yaşayır. Fasilədə onlarla birlikdə Albaniyaya qohumlarımızın yanına gedəcəyik. Ailəm, yaxınlarım və dostlarımla zaman keçirəcəm.

4. İki ilə yaxındır burada yaşayırsan. Suallarımı Azərbaycan dilində cavablamağından yetərincə hiss olunur ki, bu müddətdə dilimizi çox gözəl mənimsəmisən. Öyrənməkdə çətinlik çəkmirsən ki?

Xeyr, əksinə diliniz rahat və gözəldir. Ona görə də çətinlik çəkmirəm. Mən burada yaşayıramsa deməli, sizin dilinizdə danışmaq da borcumdur. Buradan əvvəl bir il “Qəbələ” komandasında, indi isə buradakı dostlarım sizin dilinizə, mədəniyyətinizə, ənənələrinizə uyğunlaşmaqda mənə kömək edirlər.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.