Nikolas Raysel: “Diskvalifikasiya bitdiyinə görə çox xoşbəxtəm”

“Səbail” PFK-nın hücumçusu Nikolas Raysel klubun rəsmi saytına müsahibə verib. O, Premyer Liqanın IX turunda “Sumqayıt” komandasına qarşı keçirilən oyunda qırmızı kart alaraq, 4 oyunluq diskvalifikasiya olunması barədə danışıb.

1. “Sumqayıt”la oyunda qırmızı kart alaraq, 4 oyun meydançadan kənarlaşdırıldın. Həmin epizodda nə baş verdi?

Həmin epizoddan təxmini bir dəqiqə əvvəl həmin oyunçu mənə qarşı kobud oynadı. Lakin bunu unudaraq, oyuna davam etdim. Qırmızı kart aldığım epizoddan öncə isə o, məndən arxada idi. Haqqımda aqressiv danışa-danışa qaçaraq yaxınlaşdığını hiss etdim və dərhal döndüm. Həmin an təbii ki, rəqibə zərbə vurmaq istəmirdim. Sadəcə refleks olaraq başımı qabağa etdim və elə göründü ki, mən onu vurmaq istəyirəm. Özünümüdafiə hissi ilə başımı qabağa etdim ki, aramızdakı məsafəni nizamlayım.

2. Artıq cəzan bitib. Növbəti tur komandaya dəstək ola biləcəksən. Bəs bu fasiləni necə dəyərləndirdin?

Təbii ki, mövsümün ən vacib hissəsində dörd oyun buraxmaq mənim üçün itkidir. Komandama kömək edə bilmədiyimə görə məyusam. Dörd həftəni ikiqat məşq etdim, özümü formada saxladım. İnanıram ki, növbəti oyunlarda gücümü göstərə biləcəm. Diskvalifikasiya bitdiyinə görə çox xoşbəxtəm. Keçən həftə “Səbail-2”nin heyətində oynadım hətta qol vurdum. Dörd həftədən sonra yenidən meydana qayıtmaq mənim üçün vacib idi. Formada olduğuma görə fasilə çətinlik yaratmadı. Komanda ilə birlikdə Azərbaycan Kubokunda “Zaqatala” və Premyer Liqada qış fasiləsindən öncəki “Sabah”la oyuna hazırlaşırıq. Həmin oyunlarda komandaya kömək edə biləcəyim üçün sevincliyəm.

3. Qış fasiləsi üçün planların varmı?

Qış fasiləsində Fransaya qayıtmaq istəyirəm. Ailəm, doğmalarım və dostlarımla vaxt keçirmək istəyirəm.

4. Komanda yoldaşlarınla münasibətin necədir? Yaxın ünsiyyətdə olduqların varmı?

“Səbail”də olmaqdan çox məmnunam. Komanda yoldaşlarımla münasibətlərimiz çox yaxşıdır. Daha çox Domantas Şimkus, Məhəmməd Mirzəbəyov, Camal Araqo, Mirsayib Abbasov, Yurgen Qoxa ilə vaxt keçirirəm.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.