Rahid Əmirquliyev: “Heç vaxt düşünməzdim ki, nə vaxtsa çempionatda bu qədər oyun keçirərəm”

“Səbail” Peşəkar Futbol Klubunun yarımmüdafiəçisi və kapitanı Rahid Əmirquliyev klubun rəsmi saytına müsahibə verib.

  1. Premyer Liqanın V turunda meydana çıxaraq çempionatda ən çox oyun keçirən futbolçu oldun. 422 oyunda iştirak edərək rekordu yenilədin. Son 74 oyunu isə “Səbail”in heyətində keçirmisən. Bu barədə nə düşünürsən?

Bəli, V turda rekorda imza ataraq, çempionatda ən çox oyun keçirən futbolçu oldum. Bu, həmçinin “Səbail”də 74-cü oyunum idi. Burada da ən çox oyun keçirən futbolçulardanam. Bu mənim üçün xoş gün və xoş xatirə idi. Mənə daha çox oyuna çıxmaq üçün əlavə motivasiya verir. Heç vaxt düşünməzdim ki, nə vaxtsa çempionatda bu qədər oyun keçirərəm. Hətta, rekordu yeniləyərəm. Daha çox oyunda meydana çıxaraq, bu rəqəmi artırmaq istəyirəm.

  1. Premyer Liqanın ən çox oyun keçirən futbolçusu olaraq, sənin üçün ən yaddaqalan mövsüm hansı olub?

Ən yaddaqalan mövsüm 2006/2007-ci il “Xəzər-Lənkəran” klubunun heyətində keçirdiyim ilk mövsümdür. Həmin il çempion olmuşduq. Bu, həm də mənim ilk çempionluğum idi.

  1. Bu müddət ərzində 33 qol vurmusan. Bəs ən yaddaqalan qolun hansı olub?

Bütün qollarım yadımdadır. Lakin, “Qarabağ”da oynayarkən “Neftçi”yə vurduğum qol (25.10.2016 “Qarabağ”-“Neftçi” 2:0) yaddaşımda xüsusi yer edib.

  1. Sənin fikrincə, hazırda Premyer Liqada ən çətin rəqib oyunçu kimdir?

Premyer Liqada ən çətin rəqib oyunçu kimi “Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin və “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubiri qeyd edə bilərəm.

  1. Keçən mövsüm Premyer Liqada rəqabət olduqca güclü idi. Yeni mövsümü necə dəyərləndirirsən?

Çempionat keçən il maraqlı keçdi. Yüksək rəqabət var idi. Bu mövsümün də ən az keçən ilki qədər maraqlı keçəcəyini düşünürəm. Çempionatda 8 komanda ilə rəqabət belədirsə, region klubları da olsaydı komanda sayı artar və daha maraqlı olardı.

  1. Gənc futbolçular meydanda təcrübənə əsaslanaraq, səndən örnək alırlar. Kapitan kimi onlara necə dəstək olursan?

Bizim komandada gənc futbolçular çoxdur. Gənc futbolçular qədər peşəkar, təcrübəli futbolçularımız da var. Biz, həm təcrübə, həm də oyun baxımından çalışırıq əlimizdən gələn köməyi göstərək və bildiklərimizi öyrədək. Tək mən yox, digər təcrübəli futbolçular da gənclərlə danışır, onlara motivasiya verir.

  1. Gələcək planlarınız və hədəfləriniz nələrdir?

Mövsümün sonuna kimi “Səbail”lə müqaviləm var. Hər oyun maksimum güc sərf edib, komandaya dəstək olmağa çalışacam. Özümdə o gücü hiss edirəm və növbəti ildə də oynamağı düşünürəm. Təbii ki, bunu zaman göstərəcək. Hazırda əsas məqsədim mövsümün sonuna kimi komandanın uğurları üçün çalışmaqdır.

  1. Kapitan olaraq “Səbail” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Yəni komanda üzvlərinin fanatlardan gözləntisi nədir?

“Səbail” fanatları həmişə bizim yanımızda olur, dəstəkləyirlər. Biz də onları sevindirməyə çalışırıq. Keçən il pandemiyaya görə stadiona gələ bilməsələr də, onların dəstəyini hiss edirdik. Mən və komanda yoldaşlarımın azarkeşlərdən istəyi, həmişə yanımızda olub, uğurlara daima birlikdə sevinməyimiz olacaq.

 

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.