Aftandil Hacıyev: “Baş hakimin nəticəyə ciddi təsiri oldu”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın IX turu çərçivəsində baş tutan “Sumqayıt”-“Səbail” (2:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Oyuna itkilərlə gəlmişdik. “Qarabağ”la matç çox ağır keçdi. Maksimum mübarizə aparmağa çalışdıq. Pis futbol oynamadıq. İlk hissədə yaxşı qol imkanlarımız oldu. Matçın baş hakimi Fərid Hacıyevin nəticəyə ciddi təsiri oldu. İlk hissədə Nikolas Rayselin epizodunda ofsayd yox idi. İkinci hissədə oyunu nəzarətə almağa çalışdıq. Höccət Haqverdi ilə Rayselin münaqişəsində bizim futbolçuya “qırmızı”, rəqibə “sarı” verildi. Nə üçün belə qərar oldu, anlamadım. Hakimlər belə matçlarda daha ciddi olmalıdır. Bəlkə də, “Səbail”i çox araşdırmırlar. Amma bizə qarşı çox səhvlər olur. Bilmirəm, bəlkə kimsə dayaqsız, iddiasız olanda belə edirlər?

Qəbələdə uduzduğumuz oyunda mənasız vərəqələr verilir. Onsuz bizim heyətimiz kasaddır. Çempionat başlayandan artıq 3-cü oyundur ki, azlıqda qalırıq. Mənim kimi səbrli adam da artıq dözmür. Bu səhvlərin nədən irəli gəldiyini bilmirəm. “Sumqayıt”ın qələbəsinə kölgə salmıram. Ümumiyyətlə, hakimlər bizə qarşı diqqətli olsa, yaxşı olar. Çalışacağıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.