Aftandil Hacıyev: “Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VII turu çərçivəsində baş tutan “Səbail”-“Keşlə” (1:2) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Oyun haqqında çox danışmaq istəmirəm. Məğlub olduq. Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, işimiz getdikcə çətinləşəcək. Sadəcə olaraq, futbolçuların əziyyətinə heyfim gəlir. Ardıcıl olaraq üçüncü dəfə süni ot örtüyündə oynamaq və məşq etmək çətindir. Bundan sonra “Qarabağ”la oyun da burada olacaq. Çempionatdakı fasilədə bir neçə futbolçunun zədələnməsi və məşqi buraxmasına görə əziyyət çəkdik. Problemlərimizdən çox danışmaq istəmirəm. İlk hissə bizə siqnal verildi ki, müdafiədə boşluqlar var. Oyunçuların verilən tapşırığı düzgün yerinə yetirməməsi asanlıqla sezilirdi. Fasilədə düzəliş etmək istədik. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik. Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır. Orada cərimə zərbəsi var idimi? Buna baxmaq lazımdır.

Oyunun sonlarında rəqib müdafiədəki boşluqlardan istifadə etdi. “Keşlə”nin hücum xəttində kifayət qədər geniş seçim var. Biz isə Rauf Əliyev sarı vərəqə alsa da, meydanda saxlamağa məcburuq. İkinci hücumçumuz yoxdur. Oyunumuzda fərq hiss etdirməməyə çalışdıq. Amma rəqib keyfiyyət baxımından üstün idi. Onları təbrik edirəm”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.