Şimkus Domantas: “Ronaldinyo etdiyi fəndləri etməyə çalışırdım”

“Səbail” Peşəkar Futbol Klubunun transfer etdiyi litvalı yarımmüdafiəçi Şimkus Domantas klubun rəsmi saytına müsahibə verib.

1. Domantas, “Səbail”ə xoş gəldin! İlk təəssüratların nələrdir?

“Səbail”lə müqavilə imzalayıb, burada çıxış edəcəyim üçün çox şadam. Öz üzərimdə ən yüksək səviyyədə çalışacağam ki, ümidləri doğruldum və komandaya öz töhvəmi verim.

2. “Səbail” ilə aranızda ilk əlaqə yaranandan müqavilə imzalanana qədər proses necə keçdi və sən bu barədə nə düşünürdün?

Mənə ilk təklif gələndə çox sevindim. Birinci baş məşqçi ilə danışığımız oldu və bundan sonra artıq qərar verdim ki, mən bu klubun formasını geyinmək istəyirəm. Daha sonra Azərbaycanda çıxış edən digər dostlarımla əlaqə saxladım və tam əmin oldum ki, Azərbaycan, Bakı və “Səbail” klubu mənim karyeram üçün doğru seçimdir.

3. Futbol karyeranda Azərbaycan klublarına və ya futbolçularına qarşı oynamısan? Həmin oyun xatirində necə qalıb?

Bəli, “Caspian Cup” (Xəzər kuboku)  beynəlxalq turnirində U-17 milli komandasında çıxış etdiyim zaman Azərbaycan milli komandası ilə qarşılaşmışdıq. Həmin turnir və oyun yaddaşımda xoş xatirələrlə qalıb.

4. Azərbaycan Premyer Liqasında çıxış etməyinin karyerana necə təsir edəcəyini düşünürsən? Bu Liqa sənə yeni nələr qatacaq?

Mən karyeram ərzində həmişə yüksək liqalarda oynamışam. Məncə, Azərbaycan Premyer Liqası maraqlı və rəqabətlidir. Harada oynamağımdan asılı olmayaraq, əsas öz oyunuma, inkişafıma köklənəcəm ki, komandaya xeyir verim və yüksək nəticələr qazanmasına kömək edim.

5. Litvada basketbola maraq futboldan daha böyükdür. Bəs sənin futbola marağın necə yarandı?

Bəli, Litvada basketbol məşhur olsa da, Avropada əsas maraq dairəsi futboldur. Həmçinin, atam da çox böyük futbol azarkeşidir. İlk başlayanda yerli akademiyada məşq etdim, daha sonra 3 il Danimarkada məşqlərə davam etdim. Peşəkar futbolçu karyerama yenidən ölkəmə qayıdaraq davam etdim.

6. Kiçik yaşlarında hansı kluba azarkeşlik edirdin və hansı futbolçuya rəğbət bəsləyirdin?

Mən “Barselona”ya azarkeşlik edirdim. Həmin dövrlərdə də ən sevdiyim oyunçu Ronaldinyo idi. Onu diqqətlə izləyir, hətta məşqlərdən sonra əlavə olaraq etdiyi fəndləri etməyə çalışırdım.

7. Karyeran ərzində həm müdafiəyə meyilli yarımmüdafiəçi, həm mərkəz yarımmüdafiəçisi, həm də hücumameyilli yarımmüdafiəçi kimi çıxış etmisən. Bəs sən hansında özünü daha uğurlu hesab edirsən?

Baş məşqçi mənim meydanda hansı mövqedə oynamağımı istəsə, həmişə əlimdən gələnin artığını edirəm. Lakin bu seçim haqqını mənə versələr, müdaiəyə meyilli yarımmüdafiəçi kimi oynamaq istəyərəm.

8. Meydançada oyun zamanı qol vurmaq, məhsuldar ötürmə etmək yaxud rəqib futbolçudan topu almaq bunlardan hansı sənə daha çox zövq verir?

Təbii ki, oyun zamanı əsas qol vurmaqdır. Bunların hər üçü mənə zövq verir. Lakin, mənim meydanda işim biraz fərqlidir. Çünki ən əsas komandaya müdəfiə olunmaqda kömək etməliyəm.

9. Xarakterində ən əsas xüsusiyyət kimi bir şeyi qeyd etməli olsan, bu hansı olardı?

Ən nifrət etdiyim şey yalan danışmaqdır. Heç vaxt yalan danışmıram. Ailəmə, əhatəmdəki insanlara qarşı həmişə düz və səmimiyəm. Çoxlu dostlarım var və həmişə çalışmışam ki, onlara əsl dost olum.

10. Nəhayət Şimkus, səni səbrsizliklə “Səbail”in formasında meydançada görmək istəyən “Dənizçilər”in azarkeşlərinə nə demək istəyirsən?

Azarkeşlərə demək istəyirəm ki,“Səbail”in formasını geyinəcəyimə görə şadam! Növbəti mövsümdə hər birini tribunalarda görmək istəyirik. Onların dəstəyi bizi daha da güclü edir. Uğurlara birlikdə sevinəcəyik!

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.