“ASCO Arena”da 25 May Afrika gününə həsr olunmuş tədbir keçirilib

25 May Afrika Birliyinin yaranması münasibətilə Afrika günü kimi qeyd olunur. Mərakeş Krallığının Azərbaycandakı səfirliyininin təşəbbüsünə əsasən, “ASCO Arena”da COVID-19-la bağlı müvafiq prosedurlara riayət etməklə klubdaxili tədbir təşkil olunub.

Tədbirdə Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Kərim Halim, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, “Səbail” PFK-nın icraçı direktoru Fərəc Əliyev, klubumuzun Afrika əsilli futbolçuları Hendrik Ekşteyn və Ali Siseylə yanaşı, “Səbail” PFK-nın futbol akademiyasının U-12 yaş qrupunun oyunçuları və məşqçiləri iştirak edib.

Tədbirin əvvəlində Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Kərim Halim 25 May Afrika Birliyinin yaranması barədə məlumat verib. Bundan sonra Ali Sisey və Hendrik Ekşteyn həm doğma torpaqları, həm də karyeları barədə gənc futbolçularla fikirlərini bölüşüb. Professional futbolçular gənclərə masterklas keçib. Davamında isə gənc oyunçular səfirə və futbolçulara suallarını ünvanlayıb.

Qeyd edək ki, 25 May Afrika dövlətləri və hökumətləri başçılarının 1963-cü il mayın 25-də Əddis-Əbəbədə keçirilmiş təsis konfransının qərarı ilə hər il elə həmin gün qeyd olunur. Həmin gün Afrika Birliyi Təşkilatının (ABT) Nizamnaməsi qəbul edilib. Bu il qitə ölkələrinin müstəmləkə əsarətindən qurtulmasının 58-ci ildönümü qeyd edilir.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.