Aftandil Hacıyev: “Çempionatı nikbin notlarla başa vurmaq istəyirik”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXV turu çərçivəsində baş tutan “Səbail”-“Qəbələ” (1:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Bu gün həqiqətən də maraqlı oyun oldu. Hər iki komanda avrokuboklara düşmək şanslarını böyük ölçüdə itirmiş sayılır. Amma komandamın cüzi şansdan sonadək istifadə etməyə çalışması məni sevindirir. Sevindirici hal odur ki, meydanda daha çox hücum edən, daha çox topa sahib olan komanda biz idik. İlk hissədə hər iki komandada gərginlik var idi. Hər iki qapı qarşısında təhlükəli epizodlar oldu. İkinci hissədə rəqib azlıqda qaldıqdan sonra daha rahat oynamağa başladıq. Hücumlarımızın sayı çoxaldı.

Hesabı açdıqdan sonra müdafiədə risk edə bilməzdik. “Qəbələ”də əks-hücumlarda təhlükəli olan futbolçular var. Hər an fərdi ustalıqları hesabına rəqibi yaxalaya bilərlər.Bu gün həm oyundan, həm də nəticədən razı qaldıq. Bu komandaya təşəkkürdən daha artığı düşür. Çünki keçirdiyimiz çətin dönəmlərə baxmayaraq, futbolçular bunu oyunlarında əks etdirmirlər. Düşünürəm ki, növbəti üç oyunda da əllərindən gələni edəcəklər. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq. Çempionatı nikbin notlarla başa vurmaq istəyirik!”.

Leave a comment

SabailFC © 2021. All Rights Reserved.