Aftandil Hacıyev: “Bu “Səbail”i meydanda görmək istəyirdim”

Premyer Liqanın XVI turunda “Səbail” “Sabah”ı qəbul edib. “ASCO Arena”da baş tutan görüş “Dənizçilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bildirib.

“Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi. Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq. Əvvəlki səhvlər bu gün minimuma endi. Qapımız qarşısında rəqibə qol şansı da vermədik. Hücumda daha aktiv idik və istədiyimiz qələbəni qazandıq. Çempionat ağır keçir. Ən çətin qrafikdə oynayan komanda bizik.

Bu “Səbail”i meydanda görmək istəyirdim. Qışa qədər daha az top buraxan komandalardan idik. Görüşün ilk hissəsində daha yaxşı oynadıq. İkinci yarıda rəqib sistemi dəyişdi. Meydanın mərkəzində çoxaldılar və üstünlük bir az onlara keçdi. O ərəfədə səhvsiz oynamağı bacardıq. İkinci qolu vurduqdan sonra isə rəqib sakitləşdi. Bu gün istədiyimiz oyunla qələbə əldə etdik. Amma bundan sonrakı matçlar da çətin keçəcək. Rahatlaşmaq olmaz. Bizi “Qarabağ”la çətin səfər oyunu gözləyir. Bu qarşılaşmanı unudub ona hazırlaşmalıyıq. Rəqibə də uğurlar arzulayıram. Bu gün öz transferləri ilə ictimaiyyətə səs-küy salmağı bacarıblar. İnanıram ki, gələcəkdə istədikləri uğuru qazana biləcəklər”.

SabailFC © 2021. All Rights Reserved.