Aftandil Hacıyev: “Çalışacağıq ki, hər bir futbolçuya şans verək”

Təlim-məşq toplanışı başladığı vaxtdan daha çox baxışa çağırdığımız futbolçuları izləmək istədik. Komandamızın üzvlərinin də fərdi yükləmələrini balanslaşdırmağa çalışdıq ki, hər biri eyni yükü ala bilsin. Öz futbolçularımız daha çox 45 dəqiqə meydanda oldular. Amma baxışda olanlara şans nisbətən çox verildi. Onu deyə bilərəm ki, Qazaxıstanın “Jetusu” komandası ilə matçda futbolçular daha çox hərəkətli idi. Məğlub olsaq da, hesab fərqli ola bilərdi. Ancaq bu gün bizi maraqlandıran nəticə deyil. Əsas futbolçuların hərəkətliliyini görmək, baxışa gələn futbolçuların nəyə qarir olduğunu bilmək idi. İkinci oyunda daha səviyyəli rəqiblə qarşılaşdıq. Sürətli, dinamik komanda idi. Bu oyunda da baxışda olan futbolçuları izlədik ki, artıq qərarımızı verək. İlk hissə rəqibin üstünlüyü ilə keçdi. Qarşımızda sürətli, pressinq edən komanda var idi. Fərdi səhvlərdən 2 qol buraxdıq. İkinci hissədə oyuna nəzarət etməyi, hətta qol vurmağı bacardıq. Xüsusilə gənc futbolçuları meydana buraxdıq ki, bu da həmin futbolçular üçün təcrübədir. Çempionatdakı oyunlarımızda da bu futbolçulara şans verəcəyik. Sevindirici məqam odur ki, yeni gələnlərdən Rauf Əliyev meydana çıxdı, 45 dəqiqə oynadı. Geridə qalan iki oyunu zədəsiz başa vurduq. Bir günlük istirahətdən sonra bu gün məşqlərimizi bərpa edəcəyik. Qarşıda iki oyunumuz var. Bu matçlar “Qarabağ”la oyun üçün heyəti formalaşdırmağımıza kömək edəcək. Çalışacağıq ki, hər bir futbolçuya şans verək.

SabailFC © 2021. All Rights Reserved.