Aftandil Hacıyev: “Hücum planında rəqibdən üstün futbol oynadıq”

Artıq üçüncü oyunumuzu keçirdik. Hər bir rəqib də öz ölkəsinin sayılıb, seçilən komandasıdır. Son oyunumuzda da meydanda təcrübəli, topla daha çox oynayan futbolçuları olan rəqibə qarşı mübarizə apardıq. Buna baxmayaraq, hər iki hissədə futbolçularımın sərgilədiyi oyundan razı qaldım. Bundan əvvəlki oyunlarda bir hissə yaxşı oyun göstərə bilirdik. Görünən odur ki, artıq futbolçular optimal formalarına yaxınlaşmaq üzrədir. Ancaq bu hələ azdır. Düşünürəm ki, bir çox səbəblər var ki, onların üzərində daha çox dayanmalıyıq. Əsasən də müdafiə planımızda buraxılan səhvlər bizi narahat edir. Hər oyun qol buraxmağımız bundan xəbər verir. Elə bu oyunda da çox bəsit xətalardan qapımızda qollar gördük. İlk qolda ani diqqətsizlikdən qol buraxdıq. İkinci qolda isə yenə də diqqətsizlikdən qapımıza penalti təyin olundu. Buna baxmayaraq, hücum planında rəqibdən üstün futbol oynadıq. Hesab hətta bizim xeyrimizə də bitə bilərdi. Hər iki hissədə qaçırdığımız qol epizodları oldu. Bu normal haldır. Futbolçular meydanda səhvləri minimuma endirmək üçün çalışırdılar. Bu görüşdə də buna nail olub, hücumda daha aktiv oynadılar. Bir oyunumuz qalıb. Səhvlərimizi futbolçularla danışıb, aradan qaldırmağa çalışacağıq. Bununla da çempionatın fasilədən sonrakı ilk turuna yaxşı başlamaq istəyindəyik.

 

SabailFC © 2021. All Rights Reserved.