“Səbail” Avropa Liqasında ilk oyununu keçirib

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” bu gün “ASCO Arena”da Rumıniyanın “Universitatea Craiova” komandası ilə qarşılaşıb. Qarşılaşma 3:2 hesabı ilə Rumıniya təmsilçisinin xeyrinə yekunlaşıb.
Oyunda hesabı qonaq komanda açıb. 13-cü dəqiqədə Alexandru Mateiu fərqlənib. 20 dəqiqə sonra Ağabala Ramazanov künc nöqtəsindən ötürülən topu qapıdan keçirərək status-kvonu bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıb. İkinci hissənin startından 6 dəqiqə sonra Rumıniya təmsilçisi növbəti dəfə hesabda irəli çıxıb. Qolun müəllifi Nicusor Bancu olub. 67-ci dəqiqədə qonaq komandanın futbolçusu Mihai Roman üçüncü qolu vuraraq hesabda üstünlüyü 2 topa çatdırıb. Qarşılaşmada son nöqtəni dublunu rəsmiləşdirən Ağabala Ramazanov qoyub. Onun 82-ci dəqiqədə vurduğu qol oyunun yekun hesabını müəyyənləşdirib.
Bu komandalar arasında cavab oyunu iyulun 18-də, Krayova şəhərindəki Ion Oblemenco stadionunda keçiriləcək.

SabailFC © 2021. All Rights Reserved.