Mətbuat konfransı keçirilib – 17.07.2019

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Universitatea Craiova” (Rumıniya) – “Səbail” oyunu ərəfəsində bu gün komandamızın baş məşqçisi Aftandil Hacıyev və kapitan Rahid Əmirquliyevin iştirakı ilə mətbuat konfransı təşkil olunub:

Aftandil Hacıyev: “Bu mərhələnin ilk oyununda 5 qol vuruldu. Düşünürəm ki, hamı üçün maraqlı görüş alındı. Rəqibi artıq daha yaxından tanıyırıq. Bilirik ki, burda bizi daha çətin oyun gözləyir. Baxmayaraq ki, uzun zaman ərzində böyük məsafə qət etmişik, sabahkı oyunda yaxşı futbol sərgiləməyə çalışacağıq. Rəqibimiz favoritdir. Biz isə gənc komandayıq. Çalışırıq oyunumuzu inkişaf etdirək. Gələcəkdə təcrübə baxımından bizə bu oyunun faydası olacaq. Yol yorğunluğunun bərpasına 3 gün vaxt lazımdır. Hesab etdik ki, Bakıda hazırlaşmaq taktiki cəhətdən daha məqsədəuyğundu və buna görə Krayovaya dünən gəldik. Ancaq yola sərf etdiyimiz zaman sabahkı oyun üçün bəhanə olmamalıdır. Bir səhv bizə baha başa gələ bilər. Çünki qol buraxsaq, artıq 3 dəfə fərqlənməliyik. Buna görə də çox diqqətli, intizamlı oynamalıyıq. Bir neçə futbolçumuzun oynayıb-oynamayacağı sual altındadır. Heyətlə bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə dəyişiklik olması mümkündür. Bir sıra yeni futbolçu start heyətdə çıxa bilər. İlk görüşdə uduzmağımıza və uzun səfərə baxmayaraq, istədiyimiz nəticəni əldə edə bilərik. Ab-hava çox yaxşıdır. İnanırıq ki, istəyimizə çata biləcəyik”.

Rahid Əmirquliyev: “Komandada əhval-ruhiyyə yaxşıdır. Ümid edirəm ki, istədiyimiz nəticə əldə edə biləcəyik. Rəqibimizin oyunlarını indiyə qədər yaxından izləməmişdim. Lakin Bakıda keçiridiyimiz qarşılaşmada 22 və 14 nömrəli futbolçuların oyununu bəyəndim”.

SabailFC © 2021. All Rights Reserved.